HƏR HADİSƏNİ, HƏR DETALI YARADANIN ALLAH OLDUĞUNU BİLMƏK…
İnsanların çoxu müsbət olaraq qiymətləndirdikləri hadisələrlə xoşbəxt olarkən, mənfi ya da, yolunda getmirmiş kimi görünən hadisələrə görə də kədərlənirlər. Halbuki iman edən insanlar üçün belə bir çətinliyə düşmək son dərəcə yersizdir. Allah, Quranda hər hadisəni saleh qullarının xeyirinə yaratdığını müjdələmiş, onlar üçün heç bir zaman hüzün və çətinlik ola bilməyəcəyini xəbər vermişdir.
Quranda izah edilən bu gerçəyi tam olaraq anlayan insan, dünya həyatında hər nə ilə qarşılaşırsa qarşılaşsın, halından məmnun olmağı və bu hadisənin ardındakı gözəllikləri və hikmətləri görə bilməyi bacarır.
Bəzi insanlar isə, illərdir yaşadıqları bu dünyanın niyə və necə var olduğunu heç düşünmədən həyatlarına davam edirlər. Əlbəttə ki, vicdani olaraq qarşılarına çıxan möcüzələrin və mükəmməl nizamın bir yaradıcısı olduğunun fərqindədirlər. Ancaq dünya həyatına olan sevgilərindən, ya da qarşı-qarşıya gələcəkləri gerçəkləri qəbul etmək istəməmələrindən ötrü Allahın varlığını düşünməkdən çəkinirlər. Gündəlik həyatda qarşılaşdıqları hadisələrin hamısının Allahın bir nizam və bir hikmətlə yaratdığını görməzlikdən gəlir, bunları şans, ya da təsadüf kimi xəyali anlayışlarla şərh edirlər. Bu da onların hadisələrə xeyir gözüylə baxmalarını, yaşadıqlarından hikmətli nəticələr çıxara bilmələrini əngəlləyir.
Bəziləri də Allahın varlığını bilir, bütün kainatı və insanı yaradanın Allah olduğunu idrak edirlər. Yağışı yağdıranın, şimşəyi çaxdıranın, ya da günəşi doğduranın Allah olduğunu bilirlər. Bunun əksini əsla düşünmürlər. Ancaq gündəlik həyatda qarşılarına çıxan hadisələrin, ya da kiçik kimi görünən detalların Allahdan müstəqil olaraq baş verdiyini sanırlar. Halbuki evlərinə girən oğrunu, ayaqlarına dəyən daşı, yağan yağışı, məhsuldar, ya da quraq ərazini, yolunda gedən, ya da iflasa uğrayan işi, unudulub yanan bir yeməyi də yaradan həmişə Allahdır. Bu haqda insan düşüncələrini mümkün olduğu qədər genişləndirməlidir. Çünki hər hadisə, hər detal Allahınizni ilə baş verir. Hər hadisə çox incə bir nizamla Allahın sonsuz ağıl və hikməti ilə hazırlanmış və yaradılmışdır. Allah insanın ayağına bulaşan palçıqdan tutmuş, partlayan təkərdən, dəridə yaranan qırışlardan, xəstəlikdən, yolunda getmirmiş kimi görünən işə, yazılan bir yazıdan deyilən ən kiçik bir sözə qədər hər şeyi, xüsusi bir plan ilə insanın qarşısına çıxarır.
İnsanın gözlərini dünyaya açdığı andan etibarən qarşılaşdığı yaxşı, ya da pis kimi görünən hər hadisəni Allah yaradır. Həyata bir bütün olaraq yer üzünün tək hakimi olan Allah nəzarət edir. Allah qüsursuz, mükəmməl, hikmətli və ən gözəl şəkildə yaradandır. Bu, Allahın yaratmış olduğu qədərdir; Allahın yaratdığı qədərdəki hadisələr arasından bir qismini ayırıb bir kənara qoymaq və bunlara yaxşı, digərlərinə isə pis kimi baxmaq doğru deyil.
Elə isə insana düşən bu mükəmməlliyi görüb təqdir etmək və Allahın ağlının ola biləcək ən qüsursuz nəticələri yaradacağını bilərək hər hadisənin xeyirli olduğunu dərk etməkdir. Çünki Allaha iman edən və imanı ilə hər hadisəni xeyirli şəkildə qiymətləndirib, xeyirli olduğunu düşünən insan dünyada da, axirətdə də həmişə xeyir və gözəlliklərlə qarşılaşacaq.
Yuxarıda danışdığımız bu böyük həqiqətə, Quranda bir çox ayə ilə diqqət çəkilmişdir. Buna görə qədər gerçəyini unutmaq böyük bir yalnış olar. Allahın yaratdığı qədər birdir və yazıldığı kimi baş verir. Bəzi kəslərin ağlına qədər (alın yazısı) deyildiyində sanki "fəlakətlərə boyun əymək" kimi səhv bir anlayış gəlir. İman edənlər isə qədəri ən doğru şəkildə qavrayır və qədərinin özləri üçün ən xeyirlisi olduğunu bilirlər.
Qədər müsəlman üçün əvvəldən sona qüsursuz hazırlanmış, hikmət və xeyirlərlə dolu cənnət hazırlığıdır. Möminin bu dünyada qarşılaşdığı hər çətinlik cənnətdə sonsuza qədər alacağı zövqlərin, sevincin və hüzurun qaynağıdır.
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah Surəsi, 5)
ayəsi də bir yönü ilə bu gerçəyə işarə edir. Möminin göstərdiyi səbr və cəsarət, çox gözəl nemətlərlə sonsuza qədər mükafatlandırılmış halda qədərdə yazılıdır.
Mömin gün ərzində bəzi hadisələrə kədərlənə bilər, narahatlıq yaşaya bilər. Bu kədər və narahatlığın səbəbi o an üçün, qarşısına çıxan hadisələrin qədərdə olduğunu, hər şeyi Allahın yaratdığını unutmuş olmasıdır. Ona, "bu hadisəni Allah xeyirlə yaratdı" deyilsə əgər o anda qafil deyilsə dərhal gerçəkləri görər və rahatlayar. Buna görə müsəlman anbaan hər hadisənin qədərdə olduğunu daim xatırlamalı və xatırlatmalıdır. Allahın əzəldə xeyir və hikmətlə yaratdığı hadisələrə təvəkkül etməli, gözəlliklərini görməyə, hikmətlərini anlamağa çalışmalıdır. Hər insan Allahın diləməsi ilə bu gerçəkləri anlaya bilər. Bəlkə hadisələrdəki saysız xeyir və hikmətin hamısı ilk anda anlaşılmaya bilər; amma əgər bir hadisə reallaşmışsa bilinməlidir ki, o onsuz da müsəlman üçün Allahın yaratdığı xeyir və hikmətlə birlikdə reallaşmışdır.CANLI, CANSIZ DÜNYADAKI HƏR VARLIĞIN BİR QƏDƏR İLƏ YARADILDIĞINI BİLMƏK…
Qədər, Allahın keçmişdən gələcəyə qədər, yaşanmış və yaşanacaq olan bütün hadisələri tək bir an olaraq bilməsidir. Bu, Allahın hər varlıq və hadisə üzərindəki mütləq hakimiyyətini ifadə edir. İnsanlar həyatlarındakı hadisələri, ancaq yaşadıqları zaman öyrənə bilərlər. Amma Allah bütün bunları, hələ yaşanmadan əvvəl də biləndir. Allah üçün keçmiş, bu an və gələcək zaman birdir. Hamısı da Allahın elmi və əhatəsindədir. Çünki bunların hamısını yaradan Rəbbimizdir.
" Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq." (Qəmər Surəsi, 49)
ayəsiylə də bildirildiyi kimi dünyadakı hər varlığın bir qədəri vardır. Bəzi insanlar qədərin mükəmməlliyini və bu nizamın ardında Allahın sonsuz gücünün olduğunu düşünmürlər. Bəziləri də qədəri yalnız insanları maraqlandıran bir mövzu olaraq məhdudlaşdırırlar. Halbuki evinizdəki əşyadan yolda gördüyünüz bir daş parçasına, quru bir ota, ya da meyvə verən budaqdan mağazada rəflrdəki qablara qədər kainatdakı canlı cansız bütün varlıqların Allah Qatında təyin olunmuş bir qədərləri vardır. Və hər əşya, ya da hər canlı varlıq üçün yaradılan qədəri də, sonsuz ağıl sahibi Allah təyin etmişdir.
İnsanın bilvasitə, ya da birbaşa ünsiyyətdə olduğu hər şey, gördüyü hər hadisə, eşitdiyi hər səs tamamilə insanın dünya həyatındakı "bütün" halındakı həyatının bir parçasıdır. Kainatda meydana gələn böyük, ya da kiçik hər hadisə bir hikmətlə reallaşır. Heç bir çiçək təsadüfi olaraq açmır, ya da təsadüfü olaraq solmur. Ya da heç bir insan təsadüfən doğulub, təsadüfən ölmür. Heç bir insan səhvən, ya da təsadüfən xəstələnmir. Əgər bir yaxşılıqla, ya da bir pisliklə qarşılaşırsa, bu heç bir zaman təsadüfi baş vermir. Hər birini, insanın yaradılışı ilə birlikdə, Allah xüsusi olaraq təyin etmişdir.
Allah Quranda,
"Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. " (Ən'am Surəsi, 59)
ayəsiylə, torpağın, ya da okeanların kilometrlərlə dərinliklərində meydana gələn hadisələrdən tutmuş, tək bir yarpağın düşməsinə qədər kainatda meydana gələn hər hərəkətin təyin olunmuş bir qədər üzərinə reallaşdığını bildirmişdir.
Lakin insanların çoxu yaşadıqları qədərin hər anını Allahın yaratdığının şüurunda deyillər. Bəziləri necə yaradıldıqlarını, həyatları boyu qarşılarına çıxan bütün bu nemətlərin necə var olduğunu belə heç düşünməmişdir. Bəziləri isə həyatı və ölümü Allahın yaratdığını, ancaq həyatın ehtiva etdiyi detalların təsadüfi bir şəkildə baş verdiyini zənn edirlər.
Halbuki Quranda,
"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. " (Hədid Surəsi, 22)
ayəsiylə, qarşılaşılan hər hadisəni, hər detalı Allahın xüsusi bir hikmət və ağıl ilə planlamış olduğu bildirilir.
İnsanın bu əhəmiyyətli gerçəyi anlaması son dərəcə əhəmiyyətlidir. Çünki dünyadakı hər varlığın qədərini sonsuz ağıl və elm sahibi olan Allah təyin edir. Bu səbəbdən hər detal, ola biləcək ən mükəmməl şəkildə planlanır və ola biləcək ən hikmətli şəkildə yaradılır. Bu gerçəyin şüurunda olan insan artıq həyatın hər anından; müsbət görünənlər qədər mənfi kimi görünən anlardan da çox məmnun olacaq. Çünki Allahın saleh qulları üçün qədəri ən gözəl şəkildə yaratdığını biləcək. Allahın gözəl gördüyü bir şey üçün insanın mənfi bir zənnə qapılmasının böyük qəflət olduğunu dərk edəcək. Bu imani qavrayış, hadisələrə xeyir gözüylə baxmasını və hadisələrdəki xeyir və hikmətləri görə bilməsini təmin edəcək.
Bunun əksini düşünmək, yəni insanın mənfi hadisələrlə qarşılaşdığında, başına gələn hadisəni Allahın yaratmadığını, bir başqasının buna səbəb olduğunu sanması isə adamın qədəri anlaya bilməmiş olmasındandır. Mənfi kimi görünən hər hadisə əslində bir "qədər dərsi"dir. Hər şeyi mütləq hikmət və xeyir gözüylə qiymətləndirmək lazımdır. Böyük, orta dərəcədə əhəmiyyətli, ya da əhəmiyyətsiz kimi görünən hər hadisə qədərdə hikmət və xeyirlə yaradılmışdır. Bəzi insanlar tez-tez qarşılaşdıqları, istəmədikləri şəkildə baş verən hadisələrə əskiklik deyirlər. Halbuki bunda da xeyir və hikmət vardır. İnsan mənfi hadisə zənn edir, halbuki ən doğrusu qədərdə o hadisənin o şəkildə reallaşmasıdır.
Gün ərzində insanları kədərləndirən, rahatlıqlarını pozan, onları hirsləndirən, sıxıntıya salan, çatışmazlıq, əskiklik olaraq adlandırılan hadisələrin hikmət və xeyirlərini Allah bir anda bir bütün olaraq göstərsə, insan kədərlənməsinin nə qədər səhv olduğunu dərhal anlayar.
İman edən insan bu xeyirlər qarşısında nəinki kədərlənmək, əksinə böyük bir sevinc içində olur. Bu səbəblə insan, qədərdə yəni Allahın qüsursuz yaratmasının hikmətli bir detalı olan hadisələrdə, həmişə xeyir və hikmət axtarmalı və bu qavrayışa sahib olmanın sevincini yaşamalıdır.
XEYİR KİMİ GÖRÜNƏN HADİSƏLƏRDƏ ŞƏR, ŞƏR KİMİ GÖRÜNƏN HADİSƏLƏRDƏ XEYİR OLA BİLƏCƏYİNİ BİLMƏK…
Əvvəlki sətirlərdə Allahın sonsuz ağıl sahibi olduğundan və dünya həyatında meydana gələn hər hadisəni xüsusi bir plan və qədərlə, xeyir və hikmətlə yaratdığından bəhs etdik. Burda əsas olan Allahın yaratdığı hadisələrin hansında xeyir, hansında şər ola biləcəyini əsl bilənin yalnız Allah olduğudur. Çünki Allah sonsuz, insan isə məhdud ağla malikdir. İnsan ancaq hadisələrin xaricdən görünən qismini görür və ancaq öz anlayışı ilə bu hadisələri qiymətləndirir. Məhdud bilgi və anlayışı ilə bəzən xeyir və gözəl olan bir hadisəni mənfi, pis bir hadisəni isə müsbət və xeyirli olaraq xarakterizə edə bilir. Bu zaman doğruları görə bilmək üçün iman edən insanın etməsi lazım olan şey, Allahın sonsuz ağıl və bilgisinə təslim olaraq, hər hadisəyə xeyir gözüylə baxmaqdır. Belə ki, Allah bir ayəsində insanlara belə buyurur:
... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə Surəsi, 216)Allahın bu ayədə bildirdiyi kimi, insanın özü üçün çox xeyirli və gözəl olacağını sandığı bir hadisə əslində dünyada və axirətdə hüsrana uğramasına səbəb ola bilər. Ya da zərərə uğrayacağını düşünərək uzaqlaşdığı bir hadisə insana gözəllik, bərəkət, bolluq və hüzur gətirə bilər. Bütün bunların gerçək bilgisi yalnız və yalnız Allah Qatında gizlidir. İstər şər, istərsə də xeyir kimi görünən bütün hadisələr Allahın diləməsiylə reallaşır. Allah kim üçün nəyi diləyirsə o olur. Quranda,
"Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir." (Yunus Surəsi, 107)
ayəsiylə də bu əhəmiyyətli gerçək xatırladılmışdır.
Bu səbəbdən Rəbbimizin yaratdığı hər hadisə, xeyir kimi də görünsə, şər kimi də görünsə əslində bizim üçün xeyirlidir. Daha əvvəl danışdığımız kimi hadisələrin nəticəsini təqdir edə bilən zaman və məkanla məhdud olan insanlar deyil, zamandan və məkandan münəzzəh olan, zamanı, məkanı, hadisələri və insanları da tək bir anda yaratmış olan Allahdır. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Zamansızlık ve Kader Gerçegi)

