XEYİRLƏRİ GÖRMƏYƏ MANE OLAN SƏBƏBLƏR


HADİSƏLƏRDƏKİ XEYİRLƏRİ GÖRMƏYƏ MANE OLAN SƏBƏBLƏR

DÜNYANIN BİR İMTAHAN YERİ OLDUĞUNU UNUTMAQ

Bəzi insanlar həyatlarının böyük bir hissəsinin təsadüflər nəticəsində yaşandığını  zənn edirlər. Lakin bu səhv düşüncə çox böyük bir yanılmadır. İnsanın xərçəng xəstəliyinə tutulması və ya bir qohumunu yol qəzasında itirməsi kimi böyük hadisələrdən, yediyi yeməyə və ya geydiyi paltara qədər hər şey o adamın qədərində təyin olunmuş xüsusi hadisələrdir. Bütün bu hadisələri insanın sınanması üçün Allah ən incə detalına qədər yaradır.

Beləliklə, inananlarla inkarçılar arasındakı ən fundamental fərq bu nöqtədə ortaya çıxır. Möminlər həm öz başlarına gələn, həm də ətraflarında baş verən hadisələri çox fərqli cəhətdən  qiymətləndirirlər. Bu Quranda Allahın əmr etdiyi şəkildə düşünərək, hər hadisəni sınaq gözüylə qiymətləndirməkdir. Bu səbəbdən möminlər qarşılaşdıqları hər hadisədə sınandıqlarının şüurunda olaraq Allahı razı edəcək davranışlar göstərməyə cəhd edirlər.

Digər tərəfdən Quran əxlaqını yaşamayan insanların bir çoxunun  müxtəlif hədəfləri vardır ki, ona çatmağa çalışırlar. Bu hədəflər ümumiyyətlə, yaxşı məktəbdə oxumaq, xoşbəxt ailə qurmaq, uşaqlarını evləndirmək, müvəffəqiyyətli iş adamı olmaq, yüksək bir mövqeyə sahib olmaq, zəngin və etibarlı insan olmaq kimi mövzulara aiddir. Bütün bu sayılanlar məqbul istəklərdir, ancaq burda səhv olan bir şey vardır ki, bəzi kəslər bu istəklərini həyata keçirməyi həyatlarının ən əhəmiyyətli məqsədinə çevirirlər. Bu cür insanların bütün planları və məşğuliyyətləri bu dar düşüncə içindədir. Çünki bu tərz insanlar həyatlarının yalnız bu dünyadan ibarət olduğunu zənn edirlər.

Halbuki bu zənn, çox böyük bir yalnışlıqdır. İnsan həyatı boyu hər istədiyini əldə etmiş olsa belə,  nəticədə həyatı bir yerdə tamamlanacaq. Və gerçək sonsuz həyat olan axirətə addım atacaq. Beləliklə dünyanın keçici gözəlliyini qazanmağı üstün sayan bir həyat, Allahın diləməsi xaricində mənasız boş – boşuna keçən  bir həyatdır.

Üstəlik bu cür həyatı özünə məqsəd seçib bunu əldə etməyə çalışan  insanın dünyada da istədiklərinə bütövlükdə qovuşması mümkün deyil. Allahın yaratdığı qanuna görə, dünya üzərindəki varlıqlar zaman keçdikcə dəyişikliyə  uğrayırlar.

Zamanın təsiri heç şübhəsiz  hər şey üzərində özünü göstərir. Məsələn, çox gözəl görünüşlü, xoş qoxulu meyvə bir neçə gün sonra yeyilməyəcək hala gəlir; illərlə səy göstərilərək əldə edilən ev bir müddət sonra  köhnəlir və istifadə edilməz vəziyyətə düşür. Və ən əhəmiyyətlisi dünyadakı hər şey kimi insan bədəni də zaman içərisində dəyişikliyə məruz qalır. Zamanın səbəb olduğu yaşlanma prosesi və bədənin yaşlanmasını, bütün insanlar yaşayır. Saçların ağarması, müəyyən bir yaşdan sonra hüceyrələrin ölməyə başlaması, bədəni təşkil edən üzvlərdə əmələ gələn narahatlıqlar, dərinin qırışması və digər bir çox əlamət insanın ölümə yaxınlaşdığını xatırladan açıq dəlillərdəndir.
 
Yaşlanma ilə yanaşı insan ömrü, ən yaxşı ehtimalla orta hesabla  60-70 ildir ki, qarşılaşılan bir çox hadisə ilə bu müddət daha da qısalır: Yol qəzası, ölümcül xəstəlik kimi faktorlar insanın heç gözləmədiyi bir anda dünyasını dəyişməsinə səbəb olur. Əvvəlki hissədə də qeyd etdiyimiz  kimi, insan nə qədər ölümü düşünməməyə, onu ağlından çıxarmağa çalışsa  da , qurtuluşu olmayan sonla bir gün özü də qarşılaşır. İstər dünyanın ən gözəl insanı olsun, istər ən zəngini, istəsə də ən məşhuru hər insan ölüm gerçəyiylə üz-üzə gəlir. Bütün həyatını sərf edərək əldə etdiyi mallar, mülklər, övladlar, dostlar onu ölümdən qoruya bilmir. Bu gerçək Quranda belə xəbər verilir:

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir” (Cümə Surəsi, 8)

Bütün bunlar tək bir həqiqəti göstərir; dünya həyatı keçicidir və insanın gerçək yurdu deyil. O halda insanın əsl hədəfi bu dünya deyil axirət olmalıdır. Ayədə belə buyurulur:

Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir. (Bunlar) iman gətirib öz Rəbbinə təvəkkül edənlər üçündür. (Şura Surəsi, 36)

Dünya həyatının keçici olduğu və insanın da ölümlü bədənə sahib olduğu bu qədər açıq olduğu halda, üzərində düşünülməsi lazım olan çox əhəmiyyətli bir mövzu ortaya çıxır. Bu mövzu isə, insanın yaradılış məqsədidir.

Allah, Qurandakı bir çox ayə ilə dünya həyatını yaratma məqsədini belə açıqlayır:

O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağını sınamaq üçün ölümü və həyatı yaratdı. O, üstün və güclü olandır, çox bağışlayandır (Mülk-2)

Allah Quranda insanın yaradılış məqsədinin Özünə qulluq etmək olduğunu və dünya həyatının da yaxşı ilə pislərin bir-birindən ayrılması üçün sınaq məkanı olaraq yaradıldığını bildirmişdir. Bu mövzudakı bir başqa ayə belədir:

Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bəzək timsalında etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək. (Kəhf Surəsi, 7)

İnsan, həyatı boyu imtahan olunduğuna görə başına gələn hadisələrin heç biri təsadüfən meydana gəlmir. Əgər insan bunları qavraya bilməzsə və hadisələrin Allahdan kənar, müstəqil olaraq baş verdiyini zənn etsə o zaman çox böyük bir səhvə yol vermiş olar. Çünki həyatda baş verən bütün hadisələr əslində Allahın bu insana  xüsusi olaraq yaşatdığı bir imtahandır. Və insan bu imtahan qarşısında verəcəyi reaksiyalardan, göstərəcəyi münasibətdən cavabdehdir. Bu davranışları və əxlaqı da sonsuz həyatındakı məqamını  müəyyən edəcək.

Böyük və ya kiçik heç bir şeyin təsadüfən meydana gəlməyəcəyi, hər birinin  Allahın o insanın  qədərində təqdir etdiyi hadisələr olduğu insanın ağlından çıxarmaması lazım olan ən əhəmiyyətli gerçəklərdən biridir. İnsan bu gerçəyi unutmadığı müddətcə qarşılaşdığı hər şeyin özü üçün xeyir dolu olduğunu da unutmaz. Çünki hər şey Allahın təqdiri ilə reallaşır. Bu halda insan qarşılaşdığı hadisələrdəki xeyir və hikmətləri görməyə çalışmalıdır, hər şeyi "xeyirə yozması" üçün əvvəlcə dünya həyatının imtahan yeri olduğunu ağlından heç zaman çıxarmamalıdır .

HEÇ KİMƏ  QALDIRA  BİLMƏYƏCƏYİ YÜK  YÜKLƏDİLMƏZ

Allah yaratdığı  hər bir  insanı yaşadığı həyatı  boyunca fərqli sınaqlarla qarşılaşdırır .Bu sınaqlar da müxtəlif hadisələrin  və müəyyən kəslərin vəsiləsiylə reallaşır. Bunu ifadə etmək lazımdır ki, Allah sonsuz ədalət sahibidir və qullarına qarşı Həlimdir (çox yumşaq olan); insana gücünün  çatmayacağı  bir məsuliyyət verməz. Bu, Allahın bir vədidir:

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.. (Mu'minun Surəsi, 62)

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Ə'raf Surəsi, 42)

İnsanın dünya həyatında qarşılaşa biləcəyi hər cür ağır imtahan, xəstəliklər, qəzalar, maddi və mənəvi çətinliklər və digərləri onun qaldıra biləcəyi sınaqlardır. Məhz bu sınaqlar da onun qaldıra biləcəyi yükə aiddir. Lakin insan, gözəl əxlaqı və səbri deyil,  şeytanın xüsusiyyəti olan üsyanı və nankorluğu seçsə, o zaman bu onun öz seçimidir və bu hərəkətindən də məsul tutulacaq.

Bəzən meydana gələn hadisələrdə insan artıq bir çıxış yolunun qalmadığını, hər şeyin bitdiyini, bunun öhdəsindən gələ bilməyəcəyini düşünür. O hadisədə bir xeyrin olduğunu  unudaraq üsyan edir və üsyankar olur. Amma bunlar əslində yalnız şeytanın verdiyi boş və mənasız aldatmacadır. Səmimi  mömin bir həqiqəti  bilməlidir ki, qarşılaşdığı hadisə hər nə olursa olsun,bu onun üçün  mütləq gözəl əxlaq göstərmək  və səbr etmək üçün yaranan bir vəziyyətdir və o bu vəziyyətlə  qarşı-qarşıyadır. Ümidsizliyə qapılmaq isə şeytandan gələn bir vəsvəsədir. Allah qullarına Öz rəhmətindən ümid kəsməməyi belə əmr edir:

Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyinə də onu) azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır.De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz.. (Zumər Surəsi, 52-54)

Allahın qeyd etdiyimiz bu ayələrlə bildirdiyi əmrinə tabe olan və xeyir düşünən insan yenə ayələrdə bildirildiyi kimi, xeyirlə qarşılaşır; ümid kəsən isə tək tənha  və köməkçisiz qalır.

Allah, Öz rəhmətindən ümid kəsənlərin inkarçılar olduğunu belə bildirir:

Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.. (Ənkəbut Surəsi, 23)

...Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”.. (Yusuf Surəsi, 87)

Mömin Allahın əmri olduğu üçün ümidsizliyə qapılmamalı və qarşılaşdığı hadisələri daha dərindən  təfəkkür etməlidir. Bir çətinliklə qarşılaşdığında bunları düşünməlidir:

Bu sınaq əsnasında öz cəsarətini, səbrini, şəfqətini,  vəfasını, sədaqətini, sevgisini, fədakarlığını bu dünyada seyr edərək əslində özünə şahidlik edir.

Yaddaşında qalanlarla axirətə getdiyində, bu gözəl xasiyyətlərinə və davranışlarına qarşılıq cənnətin verildiyini anlaması ona ayrı bir həzz və zövq verəcək.

Çətinlikləri görən nəfs onların yerinə cənnətdə verilən asanlıqları və nemətləri şüurlu şəkildə hiss edəcək və dolayısilə böyük zövq alacaq.

Unutmamaq lazımdır ki, çətini bilməyən, asanın nə olduğunu anlaya bilməz; anlasa da çətini bilən insanın şüuru və dərinliyi ilə hiss edə bilməz. Buna görə möminin dünyada yaşadığı hər çətinlik, axirətdə özü üçün böyük bir zövq mənbəyi olacaq.

Həmçinin dünyada səbrli, ağıllı, dözümlü, etidallı, bağışlayıcı, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmağın dərin bir imani zövqü vardır. Bir mömin bu gözəl xüsusiyyətləri özündə gördüyündə dərin zövq alır; başqa möminlərin özündən aldığı imani zövqü hiss etdiyində, bunlardan da ayrı bir zövq alır. Bu zövq, məmnuniyyət və gözəllik Allahın icazəsiylə cənnətdə sonsuza qədər davam edəcək.

HƏR PİSLİK İNSANIN ÖZÜNDƏNDİR

Quran əxlaqından xəbəri olmayan insanlara xas olan əsas özəlliklərdən biri də rahat yaşadıqları zaman bu şəraiti sanki özləri yaradırmış kimi səhv bir düşüncəyə qapılmalarıdır. Bu yanlış zənn də onların  ərköyün olmalarına səbəb olur. Bu cür insanların başına bir bəla gəldiyi zaman  isə dərhal başqalarını günahlandırırlar. Halbuki Allahın ədaləti sonsuzdur və hər bəla insanın özündən qaynaqlanır. Ayədə belə buyurulur:

Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir… (Nisa Surəsi, 79)

Quranda inkarçıların  yaşadıqları hadisələri azğın bir şəkildə qiymətləndirdiklərinə dair nümunələr verilir. Məsələn, Firon və ətrafındakıların başlarına bəla gəldikdə bunu, Hz. Musa və onun tərəfdarlarının uğursuzluğu olaraq düşündükləri  zaman  əslində əsl uğursuzluq və bəla mənbəyi olanların özləri olduğu Ə'raf Surəsində belə xəbər verilir:

Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu (bunu) bilmir.(Ə'raf Surəsi, 131)

Yuxarıdakı nümunədə qeyd etdiyimiz  kimi, dindən uzaq insanlar hər nə olursa olsun başqalarını günahlandırırlar. Öz etdikləri xətaları və xainlikləri görməzlikdən gəlir və yaxşı insanları xainliklə günahlandırmağa çalışırlar. Halbuki yuxarıdakı ayədə də diqqət çəkildiyi kimi bəlanın mənbəyi  özləridir.

Əgər bu insanlar yaxşını pis, xeyri də şər olaraq dəyərləndirirlərsə,  bunun məsuliyyəti də elə onların öz boynunadır.

QƏDƏR GERÇƏYİNİ SƏHV ANLAMAQ

İnsanlar həyatları boyu gələcəkləri üçün, sabahısı gün və ya bir saat sonra üçün müxtəlif planlar qururlar. Bu planlar bəzən əvvəldən düşünüldüyü kimi həyata keçir, bəzən isə gözlənilməz vəziyyətlərə görə ləngiyir . Dindən uzaq insanlar bu ləngimələrin təsadüfən meydana gəldiyini zənn edirlər.

Həqiqətdə  isə nə qurulan planlar həyata keçir, nə də gözlənilməz ləngimələr olur. Bu plan istər reallaşsın, istər reallaşmasın insanın qarşısına çıxan hadisələrin hamısı , yalnız o adamın qədərində, Allahın əvvəldən təqdir etmiş olduğu hadisələrdən ibarətdir. Bir ayədə bildirildiyi kimi;

O, göydən yerə qədər olan bütün işləri idarə edir.(Səcdə Surəsi, 5)

Və yenə bir başqa ayədə bildirildiyi kimi; " Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.. "(Qəmər Surəsi, 49)

Hər insan həyatını  özünün  qurduğu plan ilə  yaşadığını düşünsə də,  əslində Allahın özü üçün yaratdığı qədəri yaşayır. Bu səbəblə insan nəsə edib qədərini dəyişdirdiyini düşünsə belə əslində yenə yalnız qədərində olduğu üçün bunu düşünür. Həyatının heç bir anı qədərindən kənarda  deyil. Koma halında ikən ölən insan qədərində olduğu üçün ölür, uzun müddətdən sonra komadan çıxıb sağlamlığına qovuşan isə yenə qədərində olduğu üçün xilas olur.

Qədəri tam olaraq qavraya bilməyən insan üçün isə bütün hadisələr təsadüfən meydana gəlir, təsadüflərin bir əsəri olaraq reallaşır. Belə insan, kainatdakı hər şeyin özbaşına  olduğunu və  həyatını da nəzarətsiz olaraq yaşadığını zənn edir. Buna görə  də başına pis bir şey gəldiyi zaman bütün bunları "şanssızlıq" hesab edir.

Halbuki insanın ağıl və mühakimə qabiliyyəti olduqca məhduddur; üstəlik insan zaman və məkanla məhdud olan varlıqdır. İnsanın başına gələn  bütün hadisələri isə zaman və məkandan asılı olmayaraq müstəqil, "sonsuz ağıl" sahibi olan Allah planlayır. Bu gerçək Quranda belə bildirilir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyənedilmiş)olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid Surəsi, 22)

Bu böyük həqiqətin bir nəticəsi olaraq insan tək bir şeyə - hər hadisənin xeyir olaraq yaradıldığını bilərək, Allahın özü üçün təyin etmiş olduğu qədərə təslim olmalıdır. Bir halda ki, iman edən  insanlar, həyatlarındakı hər şeyin Allahın özləri üçün yazdığı  qədərə tabe olduğunu, bir hikmətlə yaradıldığını bilərək yaşayırlar. Bunun nəticəsində də mütləq xeyirə qovuşurlar. İnananların göstərdikləri bu gözəl əxlaq və sarsılmaz təslimiyyət Quranda belə izah edilir:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!" (Tövbə Surəsi, 51)

Nəticədə insan xeyir olaraq qiymətləndirsə də, şər olaraq qiymətləndirsə də əgər bir şey olacaqsa onu əngəlləməyə gücü çatmaz. İnsan bir şeyi  xeyirlə qiymətləndirərsə  qazanır;onu şər olaraq görərsə yalnız özünə zərər verməkdən başqa bir şey əldə etmir. İnsanın peşmanşılığını dilə gətirməsi  və ya üsyan edərək çirkin davranışlar etməsi qədərindəki bir saniyəni belə  dəyişdirmir. Buna görə  də qulun məsuliyyəti Allahın sonsuz ədalətinə və özü üçün təyin etdiyi qədərə təslim olub bütün hadisələrə xeyir gözüylə baxmaq, qəlbən rahat  şəkildə "qədərinin tamaşaçısı" olmaqdır.

ŞEYTAN XEYİRİ GÖRMƏYƏ MANE OLMAQ  İSTƏYİR

Şeytanın son dərəcə nankor və üsyankar olduğu bizlərə Quranda xəbər verilir. Onun, insanlara sağdan, soldan, öndən və arxadan yaxınlaşacağını, insanları doğru yoldan azdırmaq üçün hər yolu sınayacağını da ayələrdən öyrənirik. Şeytanın bu mənfi məqsədini reallaşdırmaq üçün əl atdığı ən əhəmiyyətli oyunlardan biri, insanın başına gələn hadisələrdəki xeyirləri görməsinə mane olmaqdır, beləliklə Allaha qarşı nankor və üsyankar olmasına səbəb olmaqdır. Quran əxlaqının gözəlliklərini qavraya bilməyən, dindən uzaq yaşayan, axirəti unudaraq ömürlərini boş məqsədlərlə keçirən insanlar şeytanın bu tələsinə düşürlər.

Şeytan bu insanların xüsusilə zəif cəhətlərini  taparaq o cəhətdən qəlblərinə vəsvəsə verməyə çalışır; onları Allaha və Onun yazdığı qədərə qarşı üsyan etməyə çağırır. Məsələn, insan qonşusu yol qəzası keçirdiyi zaman bu hadisənin qədərində olduğunu rahatlıqla onlara xatırlada bilir. Hətta "əsas odur ki, xilas oldunuz, Allah sizi qorudu" kimi sözlərlə qarşı tərəfi sakitləşdirməyə çalışa bilər. Amma özü və ailəsi buna  bənzər bir hadisəyə məruz qaldığında eyni  şəkildə davrana bilmir. Şeytanın tələsinə düşərək üsyan etməyi seçir. Çünki hadisələrin xeyrini görməyə çalışmaq, Allaha təslim olmaq  və təvəkkül etmək vicdan işidir. Əgər insan vicdanını kifayət qədər istifadə etməzsə, belə hadisələrdə daim səhv reaksiyalar verəcək.

Şeytanın xeyri görməyə mane olması hər mövzuda özünü göstərə bilər. Vəsvəsə vermək xüsusiyyətini insanın etdiyi işlərdəki xeyirləri göstərməmək üçün də istifadə edər. Məsələn, Allah rizası üçün pulunu xərcləsə, o zaman şeytan  bu  möminə gələcək qorxusu verməyə, malının azalacağı, özünün ac qalacağı kimi hisslər verməyə çalışar.

Şeytanın bu oyunu bir ayədə belə xəbər verilir:

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd ed Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Bəqərə Surəsi, 268)

Amma bunların hamısı boş və mənasız düşüncələrdir. Şeytanın bütün bu hiyləgər planları saleh möminlərə əsla təsir etmir. Çünki möminin Allah rızası üçün pulunu xərcləməsindəki hədəfi dünya həyatındakı rahatlığı və ya mənfəətləri deyil. Əsl məqsədi ehtiyac içində olanlara kömək edərək Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Bu səbəblə şeytan inananlara bu tərz vəsvəsələrlə yaxınlaşa bilmir və onları aldada bilmir.

Şeytanın inananlar üzərində təsirli ola bilməyəcəyini Allah Quranda bildirir:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Ə'raf Surəsi, 200-201)

Bura qədər izah etdiklərimizdən də aydın olduğu kimi şeytan, xeyirə  mane olmaq üçün  əsas  olaraq  iki istiqamətdən insanlara yaxınlaşır. Birincisi; xeyirli, gözəl bir davranışa əngəl olmaq üçün əlindən gələni edir və insanları yeganə məqsəd olaraq dünyanın bəzəyinə yönəltməyə çalışır. İkincisi isə; hadisələrdəki xeyirləri və hikməti görmələrinə əngəl olur. Xüsusilə insanların başına bir bəla gəldikdə bu hadisələri "şər" kimi göstərərək insanları Allaha üsyan etməyə sövq edir .

Halbuki Allah, insana sayaraq bitirə bilməyəcəyi qədər çox nemət verir. Doğumundan ölümünə qədər hər anında verdiyi nemətlər ilə hesabsız  lütf  bəxş edir. Bax buna görə həyatında  Allahı dost və vəkil seçən möminlər qarşılaşdıqları hadisənin hikmətini o anda anlamamış olsalar belə Allaha sığınaraq  güvənirlər və sonunda şübhəsiz bir xeyir olacağını düşünərək səbr edirlər. Halları necə olursa olsun əsla üsyankar davranmırlar və ya şikayət etmirlər. Bilirlər ki, çox dəhşətli kimi görünən bir halda olsalar da, bu hal əvvəl – axır özlərinin lehinə dönəcək. Və Allahın icazəsiylə qarşılaşdıqları çətin hadisə, bəlkə də axirətləri üçün çox əhəmiyyətli və həyati bir dönüş nöqtəsi olacaq.