MÖMİNLƏRİN HƏYATLARINDAN NÜMUNƏLƏR

PEYĞƏMBƏRLƏRİN VƏ MÖMİNLƏRİN HƏYATLARINDAN NÜMUNƏLƏR

Peyğəmbərlərin və saleh müsəlmanların həyatlarını araşdırdığımızda, bu müqəddəs insanların həyatlarının inkar edənlərlə mübarizədə keçdiyini görürük. Bu insanlar bəzən ilk baxışda əleyhlərinə imiş kimi görünən bir çox hadisə ilə qarşılaşmışlar. Bu nöqtədə, peyğəmbərlərin və onlara tabe olan möminlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri qarşımıza çıxır: Mühit nə qədər çətin olursa olsun, qarşılaşdıqları hadisələrin Allahın idarəsində olduğunu bilmənin hüzur və təvəkkülü içindəki yetkin davranışları… Allahın elçiləri və saleh möminlər, çətin anlarında Allahın köməyindən əmin halda, hər şeyin mütləq möminlərin lehinə çevriləcəyini bilərək həyatlarını davam etdirmişlər və bu gerçəyə görə hərəkət etmişlər. Allaha olan dərin imanlarından qaynaqlanan bu üstün xüsusiyyətləri bütün müsəlmanlar üçün də gözəl bir nümunədir.

İNKARÇILARIN SÖZLÜ HÜCUMLARI
Quranda xəbər verildiyi kimi, tarix boyunca inananlar qarşılarında, özlərinə mane olmağa çalışan hətta onları doğru yoldan çevirmək üçün hər üsula müraciət edən inkarçı cəmiyyətlər və münafiqlərlə qarşılaşmışlar.
İnkarçıların möminləri qınaması, kobud sözlər deməsi və müxtəlif böhtanlar atması (xüsusilə də dəlilik, yalançılıq, cadugərlik, uğursuzluq, əxlaqsızlıq kimi böhtanlar ) Quranda bildirilmişdir:
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilən-lərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali İmran Surəsi, 186)
Yuxarıdakı ayədə, inananların əleyhinə kimi görünən yalan və böhtanların, onlar üçün əslində şər deyil, əksinə xeyir olduğu vurğulanmışdır. Bir başqa ayədə, Peyğəmbərimiz (səv) dövründə yaşanan bir hadisə nümunə göstərilərək bu hal belə açıqlanır:
Şübhəsiz ki, yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. (Nur Surəsi, 11)
Heç şübhə yoxdur ki, keçmiş dövrlərdə inananların qarşılaşdıqları bu tərz hadisələr, onlara narahatlıq vermək, onları qorxutmaq və batil dinlərinə geri çevirmək üçün inkarçıların taktikaları olmuşdur. Amma möminlər bu çirkin hücumların hər zaman xeyirlərinə olacağından və nəhayət düzgünlüklərinin ortaya çıxacağından əmin şəkildə davranmışlar. Bu baxımdan atılan böhtanlara və mənəvi hücumlara qarşı hər zaman ən ağıllı və hikmətli cavabları vermişlər, səbr edərək Allaha təvəkkül etmələri lazım olduğunu, ancaq bu şəkildə müvəffəqiyyət  qazanacaqlarını unutmamışlar.
Keçmişdə yaşanan bu nümunələr kimi, bundan sonra da müsəlmanların hər an Allahın yaratdığı qədərə təslim olmuş ruh halı, hər hadisənin xeyirlə baş verdiyini bilmənin təvəkkülü içində olmaları son dərəcə əhəmiyyətlidir. Bunu yaşayan mömin dünyanın ən böyük qazanclarından birinə qovuşacaq. Çünki Allah ayələrində Özünə təvəkkül edənlərə kömək edəcəyini və onların əsla "köməksiz" qalmayacağını belə bildirmişdir:

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər! (Ali İmran Surəsi, 160)

İNKARÇILARIN FELİ HÜCUMLARI

İnkarçı cəmiyyətlər, tarix boyu iman edənlərin Allah yolunda olmalarını, dini yaşamalarını və təbliğ etmələrini öz batil inancları baxımından təhlükə olaraq görürdülər. Bu səbəblə də çox vaxt inananları zəiflətmək üçün, yuxarıda bəhs etdiyimiz kimi lağ etmək və böhtan atmaq kimi üsullara əl atırdılar. Bunların qeyri-kafi qaldığını gördükdə isə təhdid, həbs etmək, işgəncə etmək və yurdlarından zorla çıxarmaq kimi üsullara əl atmışlar.
Möminlərin onlarla apardıqları mübarizədə inkarçılardan gördükləri pis davranışlar inkarçıların azğınlığının göstəricisidir. Bunun qarşılığında möminlər qarşılaşdıqları bu tərz münasibətləri hər zaman xeyirlə qiymətləndirmişlər; başlanğıcda pis görünən hadisələrdə Allahın bir çox gözəl nəticə dilədiyinin fərqindədirlər. Gerçək yaxşılıq və xeyiri qazanmanın çətin anlarda səbr etmək və təvəkkül etməkdən asılı olduğunu yaxşı bilirlər. Allah Müsəlmanların bu gözəl xüsusiyyətini bir ayəsində belə bildirmişdir:
  Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə Surəsi, 177)
Əhzab Surəsində, Peyğəmbərimiz (səv) dövründə yaşanan bir hadisənin izah edildiyi hekayəyə baxsaq bu gözəl hikmətlərin bir qismini tapa bilərik. Sözü gedən hadisədə, inkar edənlərin hər tərəfdən əhatə etdiyi möminlərin sınandıqları və şiddətli bir sarsıntıyla sarsıldıqları bildirilmişdir. Belə çətin imtahan mühitində isə münafiqlər və ürəklərində xəstəlik olanlar müxtəlif bəhanələrlə qaçaraq özlərini bəlli edirlər.
Belə çətinlik anı sayəsində mömin birliyinin içində uzun zamandır gizlənən, ürəklərində xəstəlik olan kəslər və münafiqlər ortaya çıxır. Allahın rəhməti və dəstəyi möminlər üzərində təcəlli edir. Bu hadisədə, münafiqlərin çirkin davranışlarının əksinə möminlər qarşılaşdıqları çətinlikdə böyük xeyirlər olduğunu görmüş, Allahın ayələrini yaşadıqları üçün imanları güclənmiş və Allaha olan bağlılıqları artmışdır:
Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!”– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab Surəsi, 22)
Bu nümunədə görüldüyü kimi, çətin bir hadisə möminlər üçün böyük xeyirə çevrilərkən, bu xeyri təqdir edə bilməyən xəstə insanların inkarının daha böyüməsinə səbəb olur və onların əleyhinə çevrilir. Həmçinin bu hadisədə mömin birliyin pislərdən təmizlənməsi ilə yanaşı, bir başqa xeyirli cəhət olaraq onlara zərər verməyə çalışan inkarçıların da bütün səylərinin də boşa çıxdığını görürük. Əhzab Surəsində, inkarçıların heç bir xeyir görmədən, qəzəbli olduqları halda geri qayıtdıqları belə xəbər verilir:
Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. … (Əhzab Surəsi, 25)

MÜSƏLMANLARIN HİCRƏTİ

Lazım olduqda bütün malını və mülkünü qoyub hicrət etmək, Quranda bildirilən bir ibadətdir. Bu səbəblə Allah yolunda hicrət edən müsəlmanlar yurdlarını tərk etməyə məcbur  edildiklərində bunu hər zaman xeyir gözüylə qiymətləndirirlər. Çünki Quranda ifadə edildiyi kimi, hicrət edənlər Allahın rəhmətini qazana biləcək kəslər arasında sayılırlar:
Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir.  (Bəqərə Surəsi, 218)
Cahiliyyənin məntiqi ilə düşünüldüyündə, insanın cəmiyyətin təzyiqiylə evindən, yurdundan çıxarılması və ya tanımadığı bir yerə sürgün edilməsi, bütün həyatını alt-üst edəcək bir hadisədir.
Amma əvvəlcə ifadə etmək lazımdır ki, Allah özünə inananlara, Allahın dinini inkar edənlərin böyük bir qismindən mənfi münasibət görəcəklərini əvvəldən bildirmişdir. Bu səbəbdən müsəlmanlar dinlərini tərk etməyə məcbur edildiklərində, əslində Allahın ayələri təcəlli edir. Buna görə hicrət edən və ya yurdlarından zorla çıxarılan möminlər hər dövrdə böyük bir sevinc və şövq içində olurlar. Peyğəmbərimiz (səv) dövründə yaşayan səhabələrin göstərdiyi üstün əxlaq və sarsılmaz təvəkkül bunun ən gözəl nümunələrindəndir. Onlar Peyğəmbərimizə tabe olduqlarında Allahın özlərindən razı olacağını ümid etdikləri üçün hər cür çətinliyi gözə almışlar. Müsəlmanların xeyri üçün yurdlarından heç tərəddüd etmədən çıxmış, dünyaya aid bütün sahib olduqlarından keçə bilmişlər. Allah, onların bu gözəl əxlaqlarının və hadisələrə xeyir gözüylə baxmalarının qarşılığı olaraq onlara sonsuz cənnətini və rəhmətini vəd etmişdir. Şübhəsiz ki Allahın vədi haqqdır:
Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən (yaxşı) işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. (Bu, )Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”. (Ali İmran Surəsi, 195)
Hicrət edən müsəlmanların, axirətdəki sonsuz əcrləri ilə yanaşı, dünyada da bolluq və gözəllik ilə mükafatlandırılacaqları Quranda belə müjdələnilmişdir:
Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.  (Nisa Surəsi, 100)
Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər! (Onlar) səbrli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir.  (Nəhl Surəsi, 41-42)

PEYĞƏMBƏRİMİZİN (SƏV) ALƏMLƏRƏ NÜMUNƏ OLAN TƏVƏKKÜLÜ

Hz. Məhəmməd (səv) bütün digər peyğəmbərlər kimi həyatı boyu bir çox çətinliklə qarşılaşmış, bu hallarda göstərdiyi səbr və təvəkkül ilə müsəlmanlara çox gözəl nümunə olmuşdur. Quranda izah edilən bir hadisə, Hz. Məhəmmədin (səv) göstərdiyi üstün əxlaqı və Rəbbimizə olan sarsılmaz təvəkkülünü çox yaxşı vurğulayır.
Peyğəmbərimiz (səv), Məkkədən çıxdığında müşriklər onu öldürmək məqsədiylə izləmişdilər. Peyğəmbərimiz onlardan gizlənmək üçün bir mağaraya sığınmış, ancaq müşriklər sığındığı mağaranın qapısına qədər gəlmişdilər. Belə çətin bir anda Peyğəmbərimiz (səv) yanındakı mömin yoldaşına, kədərlənməməsini söyləmiş və ona Allaha təvəkkül etməyi xatırlatmışdır. Bunu xəbər verən ayə belədir:
 Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı… (Tövbə Surəsi, 40)
Heç şübhə yoxdur ki, müqəddəs Peyğəmbərimizin (səv) həyatı təhlükədə ikən qorxmamasının və kədərlənməməsinin, narahatlıq yaşamamasının tək səbəbi Allaha olan etibarı və Onun qədərdə yaratdığı hər hadisənin xeyir və gözəllik dolu olduğunu bilməsidir. Bunun nəticəsində heç bir zərər görmədən Mədinəyə çatmış və İslam tarixində çox əhəmiyyətli bir dönüş nöqtəsi olan hicrət reallaşmışdır.

HZ. MUSANIN ÜSTÜN ƏXLAQI

Hz. Musanın tarix boyu yaşamış ən azğın insanlardan biri olan Firon ilə apardığı mübarizə Quranda ətraflı olaraq izah edilmişdir. Hz. Musanın Allahın dinini təbliğ etməsinə, Firon təzyiq və təhdidlə cavab vermişdir.
İnananları haqq dindən çevirmək üçün hər cür yolu sınayan Misir hökmdarı Firona qarşı Hz. Musanın göstərdiyi üstün əxlaq və təvəkkül, aləmlərə nümunə olacaq xüsusiyyətdədir.
O dövrü Quran ayələrinə əsaslanaraq belə canlandıra bilərik: Bir tərəfdə Firon, ölkənin hakimi olan və bütün gücü əlində cəmləyən adamdır; digər tərəfdə də yanında az topluluğu olan Hz. Musa vardır…
Hadisələri zahirə görə (xaricdən görünən) qiymətləndirən, haqlının deyil güclünün qazanacağını düşünən cahiliyyə məntiqi, Fironun bu mübarizədən qəti bir qalibiyyət ilə çıxacağını zənn edə bilər. Halbuki belə düşünənlər böyük bir yalnışlığa düşürlər. Çünki Allah belə hökm etmişdir:
Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə Surəsi, 21)
Allah peyğəmbərlərinə aid olan bu vədini yerinə yetirmiş və Hz. Musanı Firona qarşı üstün etmişdir. Onu, qardaşı Hz. Harun ilə və Öz köməyiylə dəstəkləmişdir. Həmçinin Allah, Hz. Musaya müxtəlif möcüzələr vermiş və Özüylə danışaraq onu digər insanlardan üstün etmişdir.
Quranda insanlara ibrət almaları üçün göstərilən bu mübarizə, möminlərin əleyhinə kimi görünən hadisələrin, Allahın diləməsiylə necə bir anda onların lehinə döndüyünü çox açıq olaraq göstərir.
Sözü gedən hadisələrdən biri bu şəkildə olmuşdur: Firon və ordusu, Misirdən qaçan Hz. Musanı və yanındakı inananları tutmaq üçün təqib edirlər. Fironun ordusu onları gördüyü zaman inananlar dəniz sahilinə çatırlar. Bu anda Hz. Musanın sözləri son dərəcə nəzərə çarpandır. Hz. Musa qarşısında dəniz, arxasında isə Firon ordusu olduğu halda, Allahın köməyinə inanaraq hərəkət etmiş və bununla üstün əxlaqını göstərmişdir. Quranda bu hadisə belə xəbər verilir:
Günəş üfüqdən qalxarkən (Firon öz)(əsgərləri)(ilə)onları izləməyə başladılar. İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(Şuəra Surəsi, 60-68)
Burada əsas vurğulanmalı olan, Hz. Musanın apardığı çətin, sıxıntılı mübarizəsində hadisələrə həmişə Allahın köməyinin yanında olduğunu bilərək yanaşması, qarşılaşdığı hər hadisəni xeyrə yozması və ən çətin anında belə Allaha təvəkkül edərək bağlılığını və sədaqətini göstərməsidir.

HZ. YUSUFUN SARSILMAYAN TƏSLİMİYYƏTİ

Möminlər üçün "şər kimi görünən" hadisələrin xeyirə çevrilməsiylə əlaqədar Quranda verilən ən gözəl nümunələrdən biri də Hz. Yusufun həyatıdır. Hz. Yusuf, uşaqlığından etibarən başına gələn hər hadisədə göstərdiyi yetkinlik və Allaha olan bağlılığı ilə tanınır. Çətin vəziyyətlərdəki təvəkkülü ilə saleh bir möminin necə davranmalı olduğuna ən yaxşı nümunələrdən biridir. Özünə Allahı dost seçən Hz. Yusuf, hər şeyin "dostu"ndan gəldiyini bilmənin gətirdiyi rahatlıqla hər hadisədə bir xeyir axtarmışdır. Bu şəkildə həyatı boyu qarşısına çıxan hər sınağı bir fürsət bilmiş, hər an yetkin və təvəkküllü bir xarakter göstərmişdir.
Hz. Yusufa ilk dəfə qardaşları haqsızlıq edir. Hz. Yusufu qısqanan qardaşları onu bir quyuya ataraq atalarından və evlərindən uzaqlaşdırırlar. Allah bir yolçu karvanını vəsilə edərək Hz. Yusufu bu tələdən qurtarır. Yolçu karvanı uşaq yaşdakı Hz. Yusufu quyudan çıxararaq  yanında saxlayır. Bundan sonra Yusuf Peyğəmbəri, Misirin zənginlərindən biri satın alaraq evinə aparır. Hz. Yusufun gözəlliyindən təsirlənən sahibinin arvadı isə ayədə bildirildiyinə görə "ondan murad almaq istəyir". Bu zaman Hz. Yusuf özünü fahişəliyə məcbur edən qadından qaçır. Üstün bir əxlaq timsalı olan Hz. Yusuf yenə bir haqsızlığa uğrayır və bu dəfə də qadının böhtanıyla günahlandırılır.  Hz. Yusufun günahsız olduğu dəlilləriylə aşkar olsa da, özünü zindana atmağı qərarlaşdırırlar:
(Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.  (Yusuf Surəsi, 35)
Göründüyü kimi Hz. Yusuf iffətini qoruduğu üçün böhtana uğramışdır. Bu böhtanın nəticəsində uzun müddət zindanda qalan Hz. Yusuf, həbs həyatının səbəb olduğu hər cür çətinliyə səbr edərək Allaha təvəkkül etmişdir. Hz. Yusuf zindanda uzun müddət qalmış, amma Quranda izah edildiyi kimi son dərəcə təslimiyyətli davranaraq üstün əxlaqı ilə bütün möminlərə nümunə olmuşdur. Bilinməlidir ki, Hz. Yusuf, həyatı boyu göstərdiyi səbr, təvəkkül və hər şeyi xeyirə yozmanın qarşılığını həm dünyada, həm də axirətdə ən gözəl şəkildə almışdır. Allah, bir çox hadisəni səbəb edərək Hz. Yusufa dünyada çox böyük bir mülk və hökmdarlıq vermişdir. Hz. Yusufun bütün bu yaşadığı hadisələri xeyirlə qiymətləndirməsi və Rəbbimizə olan duası Quranda belə xəbər verilir:
O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir. Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”. (Yusuf Surəsi, 100-101)
Şübhəsiz bu hekayə, möminlərin təvəkküllərindəki səmimiyyətə görə mükafatlandırılmalarına gözəl bir nümunədir. Saleh bir mömin, Hz. Yusuf kimi qarşılaşdığı bütün hadisələrin hikmətlərini, xeyirlərini görməyə, anlamağa cəhd etməlidir. Allaha təvəkkül edib, Ona sığınıb, bu elmi, bu anlayışı istəməlidir. Mömin unutmamalıdır ki, insanları hər gün bədbəxt edən kiçik hadisələr və ya əhəmiyyətli gördüyü böyük hadisələr heç zaman möminin əleyhinə olmaz. Bu, Allahın qədər qanununa zidd hadisədir. Allah hər hadisəni mütləq möminin lehinə yaradır. Allah möminin ürəyinə hadisənin xeyrini və hikmətini ilham edə bilər ki, bu böyük bir nemətdir. Ancaq Allah ilham etməzsə də, müsəlman səbr edib, "mütləq xeyir vardır" deyə bilməlidir. Çünki bu Allahın məmnun olacağı davranışdır.